"Saipem" şirkəti Mərkəzi Asiyada "yaşıl" texnologiyalar inkişaf etdirir (ÖZƏL)

"Saipem" şirkəti enerji keçidində insan kapitalına uzunmüddətli investisiyaları qabaqcıl texnologiyalarla birləşdirərək, davamlı inkişaf və Mərkəzi Asiya və Xəzər regionunda yerli icmalara dəstək öhdəliyini gücləndirir.

Bunu Trend-ə müsahibəsində şirkətin Rumıniya, Azərbaycan, Qazaxıstan və Türkiyə üzrə regional direktoru Ernesto Ferlenqi deyib.

"Bu gün regionda 330-a yaxın insan çalışır ki, onların da 60 faizdən çoxu yerli mütəxəssislərdir", - deyə o qeyd edib. Onun sözlərinə görə, "Saipem"in yerli inkişafa yanaşması təhsilin dəstəklənməsinə və yerli icmaların səlahiyyətlərinin artırılmasına əsaslanır: “Dünyada olduğu kimi, bizim strategiyamıza təhsil layihələrinə, iqtisadi inkişafın təşviqinə və mədəni irsin qorunmasına uzunmüddətli investisiyalar daxildir”.

Azərbaycanda "Saipem" hər il universitet və məktəb tələbələri üçün təlimlər keçirir. Bu proqramlar texniki savadlılığın artırılmasına, eləcə də əməyin mühafizəsi və səhiyyə sahəsində məlumatlılığın artırılmasına yönəlib. "Bu cür təlimlər tələbələrə təhlükəsizlik və sağlamlıq məsələlərini daha yaxşı anlamağa kömək edir", - deyə E.Ferlenqi əlavə edib.

 

Eyni zamanda, "Saipem" regionun dəyişən enerji mənzərəsində daha fəal rol oynamağa çalışır. “Biz Mərkəzi Asiyanın artan daxili enerji tələbatının öhdəsindən gəlmək və aşağı karbonlu iqtisadiyyata doğru hərəkət etmək üçün lazım olan həllərin bir hissəsi olmaq istəyirik", - deyə o bildirib.

Ənənəvi enerji sahəsində möhkəm təcrübəsinə malik olmaqla "Saipem" şirkəti texnologiyalarını yeni ekoloji standartlara uyğunlaşdırır. "Biz enerji səmərəliliyini artıran və emissiyaları azaltmağa kömək edən həllər təklif edirik", - deyə E.Ferlenqi qeyd edib.

O, "Saipem"in dəniz külək enerjisi və karbon tutma sistemləri də daxil olmaqla unikal yaşıl texnologiyalar dəstinə malik olduğunu vurğulayıb. “Məhz buna görə biz davamlı enerji sahəsində region ölkələri üçün etibarlı tərəfdaş ola bilərik”, - deyə o bildirib. Şirkətin əsas inkişaflarından biri səmərəli və ekoloji cəhətdən təmiz CO₂ tutmaq üçün fermentativ həlli olan patentləşdirilmiş Bluenzyme texnologiyasıdır.

OSZAR »